
Kortizol nədir? Stress hormonunun orqanizmə təsiri, yüksək və aşağı kortizolun əlamətləri
Səhər oyanmağınızdan tutmuş stresli bir anda ürəyinizin döyünməsinə qədər bədəninizdə baş verən bir çox prosesin arxasında bir hormon dayanır – kortizol. Çoxumuz onu sadəcə “stress hormonu” kimi tanıyırıq. Əslində isə bu hormon demək olar ki, hər orqana və toxumaya təsir edir: qan şəkərini, qan təzyiqini, iltihabı və hətta yuxu-oyanıqlıq ritmini tənzimləyir.
Kortizol nədir?
Kortizol böyrəküstü vəzilərin – hər iki böyrəyin üst hissəsində yerləşən kiçik vəzilərin – hazırladığı və qana buraxdığı steroid hormonu olub, qlükokortikoidlər qrupuna aid edilir.
Bu hormon orqanizmin stresə cavabını tənzimləməklə yanaşı, bir sıra həyati funksiyada iştirak edir:
- bədənin enerji üçün qlükozadan (şəkərdən) necə istifadə etdiyini tənzimləyir;
- iltihabı azaldır;
- qan təzyiqini tənzimləyir;
- yuxu-oyanıqlıq dövrünə nəzarətə kömək edir.
Orqanizm bu hormonun səviyyəsini daim izləyir və onu sabit saxlamağa çalışır (buna homeostaz deyilir). Onun həm çox yüksək, həm də çox aşağı olması sağlamlığa zərər verə bilər.
Kortizol stress hormonudurmu?
Bəli. Bu hormon bədənin stresə verdiyi cavabın idarə olunmasında əsas rol oynayır. Orqanizm aşağıdakı stres növlərindən hər hansı birini yaşadıqda onu ifraz edir:
- kəskin (qısamüddətli) stres;
- xroniki (uzunmüddətli) stres;
- travmatik stres.
Lakin onun funksiyaları təkcə stresə cavabla məhdudlaşmır.

Stress hormonu orqanizmə necə təsir edir?
Bu hormon bədənin demək olar ki, bütün orqan sistemlərinə təsir edir və bir neçə əsas funksiyanın tənzimlənməsinə kömək edir.
Stresə cavabın tənzimlənməsi
Stres anında orqanizm əvvəlcə adrenalin kimi “döyüş və ya qaç” hormonlarını, ardınca isə bu hormonu ifraz edə bilər. Bunun sayəsində siz bir müddət ayıq və hazır vəziyyətdə qalırsınız. O, həm də qaraciyərdən qlükozanın (şəkərin) qana buraxılmasını tetikləyir. Bu da stresli anlarda bədənə sürətli enerji verir.
Maddələr mübadiləsinin və qan şəkərinin tənzimlənməsi
Metabolizm (maddələr mübadiləsi) bədəninizin yaşaması və işləməsi üçün gedən kimyəvi proseslərin ümumi adıdır. Orqanizmdə hər an minlərlə metabolik proses baş verir.
Hormon bədənin enerji üçün qlükozadan necə istifadə etdiyini tənzimləyərək metabolizmə təsir edir. Məsələn, o, mədəaltı vəzinin insulin ifrazını azaltmasına və qlükaqon ifrazını artırmasına səbəb olur. İnsulin qan şəkərini aşağı salır, qlükaqon isə yüksəldir.
Hormon qlükozanın istifadəsini idarə etmək üçün digər toxumalara da təsir göstərir:
- piy toxuması (bədən yağı);
- qaraciyər;
- əzələlər.
İltihabın yatırılması
Qısa müddətli yüksəlmələr zamanı bu hormon iltihabı məhdudlaşdıraraq immuniteti gücləndirə bilər. Lakin onun səviyyəsi uzun müddət davamlı olaraq yüksək qalarsa, bədən buna öyrəşə bilər. Nəticədə iltihab arta və immun sistemi zəifləyə bilər.
Qan təzyiqinin tənzimlənməsi
Bu hormonun insanlarda qan təzyiqini dəqiq hansı mexanizmlə tənzimlədiyi hələ tam aydın deyil. Amma məlumdur ki, onun yüksək olmas yüksək qan təzyiqinə (hipertoniyaya), normadan aşağı olması isə aşağı qan təzyiqinə (hipotoniyaya) səbəb ola bilər.
Yuxu-oyanıqlıq dövrünə nəzarət
Əksər insanlarda bu hormonun səviyyəsi axşam, yatmağa hazırlaşdıqları vaxt aşağı olur. Ən yüksək səviyyə isə səhər, oyanmazdan bir az əvvəl müşahidə edilir. Bu, hormonun sirkad ritmində (bioloji saatda) və bədənin oyanmasında mühüm rol oynadığını göstərir.
Orqanizm kortizolun səviyyəsini necə idarə edir?
Bədəndə bu hormonun səviyyəsini tənzimləyən mürəkkəb bir sistem var. Böyrəküstü vəzilərdə onun istehsalına beyindəki hipotalamus və hipofiz vəzi nəzarət edir. Proses belə gedir:
- Qanda bu hormonun səviyyəsi aşağı düşəndə hipotalamus kortikotropin-rilizinq hormon (KRH) ifraz edir.
- KRH hipofiz vəzini adrenokortikotrop hormon (AKTH) hazırlamağa yönləndirir.
- AKTH isə böyrəküstü vəziləri bu hormonu hazırlamağa və qana buraxmağa təhrik edir.
Hormonun sağlam səviyyədə qalması üçün hipotalamus, hipofiz və böyrəküstü vəzilərin hər üçü düzgün işləməlidir.

Yüksək kortizol: səbəbləri və əlamətləri
Yüksək kortizolun səbəbləri
Hormonun səviyyəsi uzun müddət yüksək qalırsa (hiperkortizolizm), bu, adətən Kuşinq sindromu ilə əlaqəli olur. Bu vəziyyətin səbəbləri bunlardır:
- prednizon, prednizolon və ya deksametazon kimi kortikosteroid dərmanların yüksək dozada qəbulu;
- AKTH hasil edən şişlər – adətən hipofiz vəzidə;
- hormonun artıq istehsalına səbəb olan böyrəküstü vəzi şişləri.
Yüksək kortizolun əlamətləri
Kuşinq sindromunun əlamətlərinə aşağıdakılar aid ola bilər:
- çəki artımı, xüsusilə üz (“ay sifət”) və qarın nahiyəsində;
- kürək sümükləri arasında piy toplanması;
- qarın üzərində enli, bənövşəyi çatlar (strialar);
- qolların yuxarı hissəsində və budlarda əzələ zəifliyi;
- yüksək qan şəkəri – çox vaxt 2-ci tip diabetə keçir;
- yüksək qan təzyiqi;
- qadınlarda artıq tüklənmə (hirsutizm);
- sümüklərin zəifləməsi (osteoporoz) və sınıqlar.
Aşağı kortizol: səbəbləri və əlamətləri
Aşağı kortizolun səbəbləri
Həkimlər kortizolun normadan aşağı olmasını (hipokortizolizm) böyrəküstü vəzi çatışmazlığı adlandırırlar. Böyrəküstü vəzi çatışmazlığının iki növü var: birincili və ikincili.
Birincili böyrəküstü vəzi çatışmazlığı ən çox immun sistemi böyrəküstü vəzilərə hücum etdikdə yaranır. Bu vəziyyət Addison xəstəliyi adlanır. Böyrəküstü vəzi toxumasında infeksiya və ya qanaxma da hormon çatışmazlığına səbəb ola bilər.
İkincili böyrəküstü vəzi çatışmazlığı hipofiz vəzinin zəif işlədiyi hallarda (hipopituitarizm) və ya hipofiz şişi olduqda yaranır. Bu vəziyyətlər AKTH istehsalını, dolayısı ilə də hormonun istehsalını məhdudlaşdırır. Kortikosteroid müalicəsini qəfil dayandırdıqdan sonra da aşağı kortizol yarana bilər.
Aşağı kortizolun əlamətləri
Böyrəküstü vəzi çatışmazlığının əlamətlərinə bunlar aid ola bilər:
- yorğunluq;
- istəmədən arıqlama;
- iştahsızlıq;
- aşağı qan təzyiqi.
Kortizolu necə azaltmaq olar?
Kuşinq sindromu varsa, hormonun səviyyəsini aşağı salmaq üçün tibbi müalicə lazımdır. Müalicə adətən dərman, cərrahi əməliyyat və ya hər ikisini əhatə edir.
Ümumilikdə isə gündəlik həyatda kortizolu azaltmağa kömək edən bir neçə sadə yol var:
Keyfiyyətli yuxu
Yuxusuzluq (insomniya) və ya gecə növbəsində işləmək kimi xroniki yuxu problemləri kortizolun yüksəlməsinə səbəb ola bilər. Hər gün eyni saatda yatıb-durmağa çalışın.
Fiziki aktivlik
Müntəzəm hərəkət yuxunun keyfiyyətini yaxşılaşdırır və stresi azaldır.
Dərin nəfəs məşqləri
Nəzarətli nəfəs parasimpatik sinir sistemini – bədənin “dincəl və həzm et” sistemini – işə salır. Bu da stres hormonunun azalmasına kömək edir.
Gülüş və xoş məşğuliyyətlər
Gülüş endorfin ifrazını artırır və kortizolu yatırır. Sevdiyiniz işlərlə məşğul olmaq da özünüzü daha yaxşı hiss etməyinizə kömək edir.
Sağlam münasibətlər
Gərgin və qeyri-sağlam münasibətlər tez-tez stresə səbəb ola bilər. Sizi dəstəkləyən insanlarla vaxt keçirmək isə stresə qarşı təbii qoruyucudur.
Vacib xatırlatma
Kortikosteroid dərmanları (məsələn, prednizolon) qəbul edirsinizsə, onları heç vaxt özbaşına, qəfil dayandırmayın. Dozanın azaldılması yalnız həkimin göstərişi ilə, tədricən aparılmalıdır.

Kortizol səviyyəsi ilə bağlı nə vaxt həkimə müraciət etməli?
Kuşinq sindromunun və ya böyrəküstü vəzi çatışmazlığının əlamətlərini hiss edirsinizsə, həkiminizə müraciət edin. Hormonun səviyyəsini qan, sidik və ya tüpürcək analizləri ilə yoxlamaq mümkündür.
Gündəlik stres səviyyənizdən narahatsınızsa, stresi idarə etmək üçün hansı addımları ata biləcəyinizi həkiminizlə müzakirə edin.
Təcili hal
Şiddətli halsızlıq, huşun qarışması, qusma, qarında kəskin ağrı və çox aşağı təzyiq böyrəküstü vəzi krizinin əlaməti ola bilər. Belə hallarda dərhal 103-ə zəng edin.



