Blog

Günəş yanığı nədir? Əlamətləri və müalicə üsulları

Günəş yanığı nədir? dərinin güclü günəş işığına məruz qalması nəticəsində yaranan müvafiq nahiyənin kəskin iltihabıdır. Açıq dəri rənginə sahib olan insanlar və uşaqlar yanıq riski altındadır və günəş yanığına daha çox həssasdırlar. Günəş yanığı bədəndə geniş nahiyəli baş verərsə ciddi təsirlər yaradaraq həyat üçün təhlükəyə çevrilə bilər.

Bu səbəbdən açıq dərili şəxslər, xüsusilə də uşaqlar günəşə çıxarkən papaq və gün eynəkləri kimi qoruyucu aksesuarlardan istifadə etməli və günəşdən qoruyucu kremlər-losionlar sürtməyi unutmamalıdırlar.

Yüngül günəş yanığı yalnız qızartıya səbəb olsa da, şiddətli yanıqlar dəridə qabarcıqlara səbəb ola bilər və sağaldıqda iz buraxa bilər. Günəş yanığına günəş işığından başqa, solaryum kimi süni işıq mənbəyi də səbəb ola bilər.

Yanıq nəticəsində yaranan zədə ilk növbədə epidermisə, yəni dərinin ən yuxarı təbəqəsinə təsir göstərir. Bununla belə, zədələnmə və iltihab dermisdə, epidermisin altındakı təbəqədə də baş verə bilər. Təkrarlanan günəş yanığı halları dərinin daha sürətli qocalmasına səbəb olur və nəticədə dəri xərçənginə səbəb ola bilər.

Günəş yanığının əlamətləri hansılardır?

Günəş yanığının tipik simptomu tez-tez hər hərəkətlə ağrıyan qızarmış dəridir. Bundan əlavə, dəri bir az şişmiş və qaşınan ola bilər. Şiddətli yanıqlarda dəridə maye ilə dolu qabarcıqlar da ola bilər. Şiddətli ağrı və ya şişkinlik varsa, həkimə müraciət etmək lazımdır. Günəş yanığı aşağıdakı simptomlardan hər hansı biri ilə müşayiət olunarsa, mümkün qədər qısa müddətdə həkimə müraciət etmək çox vacibdir:

  • Bulantı və qusma
  • Baş ağrısı
  • Qızdırma
  • Titrəmə
  • Boyun tutulması

Körpələr və ya kiçik uşaqlar günəş yanığına məruz qalıbsa, mütləq həkimə müraciət edilməlidir.

Günəş yanığı zamanı nə etmək faydalı olar?

Günəş yanığı zamanı dərinin kifayət qədər soyudulması vacibdir. Dəriyə soyuq cisimlər sürtmək ağrıları aradan qaldırır və iltihabın qarşısını alır. Ancaq buz kubları kimi həddindən artıq soyuq maddələr müalicə üçün uyğun deyil. Soyuq suya batırılmış bir dəsmaldan istifadə etmək kifayətdir.

Soyuq kompres tətbiqi ən azı yarım saat və mümkünsə yanmış nahiyədə ağrı kəsilənə qədər davam etdirilməlidir. Bundan əlavə, bol maye qəbulu vacibdir; çünki günəş yanığı səbəbindən dəridən çox miqdarda maye itirilir.

Evdə günəş yanığı üçün xalq arasında tətbiq edilən yanmış dəriyə soyuq qatıq sürtmək yalnız soyuq olduğu üçün ağrıları aradan qaldıra bilər, ancaq dəridə yanıq nəticəsində yaranan iltihablı vəziyyətə müalicəvi təsir göstərmir.

Bundan əlavə, qatıqpendir kimi qidaları dəriyə sürtməkdən uzaq durmaq lazımdır, çünki süd məhsullarının tərkibindəki bakteriyalar infeksiyaya səbəb ola bilər. Diş məcunu dəriyə sürtmək heç vaxt edilməməlidir, çünki faydadan çox zərər verəcəkdir.

Tərkibində çobanyastığı və ya aloe vera olan məhsullar iltihab əleyhinə xüsusiyyətlərinə görə yanmış nahiyəyə tətbiq olunarsa, sağalmanı sürətləndirir. Bununla belə, dəriyə hər hansı bir məlhəm və ya krem ​​sürtməzdən əvvəl, təhlükəsizlik baxımından ilk növbədə onu dərinin kiçik bir yerində sınamaq lazımdır ki, hər hansı bir tərkib hissəsinə allergiyanız olub-olmadığını yoxlayasınız. Gündə bir neçə dəfə yanmış nahiyələrə nəmləndirici gel və losyonların tətbiqi maye itkisini minimuma endirməyə kömək edir.

Əlaqəli məqalələr

Back to top button