
Psixi pozuntuya sahib insanları hansı xüsusiyyətlərə görə tanıyaq?
Psixi sağlamlıq, fiziki sağlamlıq kimi bir çox faktorun təsiri ilə pozula bilər. Fiziki sağlamlığın pozulduğunu bədənin verdiyi ağrı, yüksələn bədən temperaturu kimi siqnallarla müşahidə etmək asan olsa da, psixi sağlamlıq normaları bilinmədiyi üçün zədələnən psixi sağlamlığın fərqində olmaq daha çox vaxt ala bilir.
Psixoloq və psixoterapevt Cəmilə Rəhimli bildirir ki, günümüzdə həyat çətinlikləri nəzərə alınarsa fiziki sağlamlıq qədər psixi sağlamlığın da sürətlə pozulduğu görülməkdədir: “Ətrafınızda əsəbini kontrol edə bilməyən, hövsələsizlik göstərən, həyatdan zövq ala bilməyən, daimi məyus halda olan, asılılığı olan, həddən artıq çox və ya az yemək yeyən, çəkingənlik, sosial izolyasiya, özünə qarşı destruktiv, başqalarına qarşı alçaldıcı davranışlar göstərən insanlar görməyiniz mümkündür. Əldə edilən dünya psixi sağlamlıq statistikasına görə 2016-ci ildə dünya üzərində 1.1 milyard insanın psixi pozuntuya sahib olduğu, hər 6 şəxsdən birində rastlandığı bildirilmişdir. Ən çox rastlanan psixi pozuntunun təşviş və depressiya olduğu görülmüşdür. Qeyd edək ki bu statistik məlumat psixi pozuntuya sahib olduğu düşüncəsi ilə psixi sağlamlıq mərkəzlərinə üz tutmuş insanlardan əldə edilməkdədir.”
Bəs psixi pozuntuya sahib olduğunun fərqində olmayan insanları hansı xüsusiyyətlərə görə tanıya və onlara kömək edə bilərik? Bunun üçün psixi sağlam insan olmağın əlamətlərini psixoloq sadalayır:
• Yaşa uyğun düşünə və davrana bilmək
• Duyğu və düşüncələrini doğru ifadə edə bilmək
• Başqalarını anlamaq və qəbul edə bilmək
• Harada necə davranacağını idarə edə bilmək
• Həqiqəti olduğu kimi qəbul edə bilmək, şərtləri nəzərə alaraq hərəkət etmək
• Hadisə və vəziyyətlər qarşısında emosional cəhətdən sərbəst hərəkət edə bilmək
• Problemlərə realist həll yolları ilə yanaşa bilmək
• Hadisə və problemlər qarşısında onların təbiətinə uyğun reaksiya verə bilmək
• Özünü tanımaq, özünü dəyərli hiss etmək, sevmək, məhdudiyyətlərin fərqində olmaq, uğursuzluqlarını qəbul etmək və yenidən hərəkətə keçə bilmək
• Işləməyi sevmək, özünü yaradıcı hala gətirmək potensialını sərhədlərinə görə istifadədə etməyi bacarmaq
• Özünü aktuallaşdırmaq və buna çatmaq üçün cəhd göstərmək
• Həyatı yaşamağa dəyər görmək
• Özünü başqalarından üstün tutmamaq və başqalarını əzməyə çalışmamaq
• Yumor hissinə sahib olmaq özü ilə bağlı zarafatlar edə bilib özü ilə sülh içində olmaq
“Əlbəttə bu əlamətlərdən bir və ya bir neçəsinə sahib olmamaq psixi sağlam olmadığınız mənasına gəlmir, unutmayaq ki psixi pozuntuya sahib olduğunuz psixiatr tərəfindən qoyulan diaqnozla dəqiq müəyyən oluna bilər.”-psixoloq vurğulayır.
Sağlıq olsun!